Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

Köşə yazısı
Məmməd Süleymanov
mameds@mail.ru

08 -12 -2009 . Xəstə təbabət - 2

Faktlar müxtəlifdir. Bir qismi müasir təbabətdə savadsızların həkimliklə məşğulluğunu əks etdirirsə, ikinci qismi normal bilikli təbiblərin öz peşələrindən sui-istifadəsini göstərir.

... Anamı 2 ay pnevmoniyadan müalicə etdilər. Heç bir faydası olmadı, əksinə, vəziyyəti günbəgün pisləşdi. Sonunda tələsik rayondan Bakıya çatdırdıq (Bu, risq idi. Çünki vəziyyəti çox ağırdı). Və Bakıda məlum oldu - diaqnoz “Kəskin ürək çatışmazlığı”dır. Bu hara, sətəlcəm diaqnozu hara? Və xəstəni düz 2 ay iltihab əleyhinə dərmanlarla “yedirən” o həkimlərə bu qədər uzun müddət də bəs etməmişdi ki ayılsınlar.
Bu misal bir tərəfdən peşə savadsızlığına illüstrasiyadırsa, ikinci tərəfdən həkimin qoyduğu diaqnoza və müalicəsini boynuna götürdüyü xəstənin sağalmasına görə heç bir məsuliyyət daşımadığının nümunəsidir.
İndi isə başqa bir fakt. Qonşuluqdakı qadın tez-tez TV-yə çıxarılan bir həkimin qəbuluna gedir (reklamın ziyanına sübut). Diaqnoz: kista. Və həkimin şərhi: “Dərhal əməliyyat olunmalısan. Yoxsa kistan xərçəngə çevriləcək”.
Əvvəla, kista heç vaxt xərçəngə çevrilmir. Necə ki mastopatiya da. Bu iki diaqnozda “xərçənglə qorxutmaq” az qala epidemiya dəbi alıb. Bu isə minimum - əclaflıqdır!
Qonşuma konkret məbləğ də “oxunur”. Qorxub, əməliyyata razıdır, ancaq pulu yoxdur. Yollanır uzaq qohumunun yanına - Sovet Azərbaycanının ən istedadlı cərrahlarından olan Böyükkişi Ağayevin ünvanına. O da anamnez və yoxlamadan sonra özünü saxlaya bilməyib “Əclaflığa bax! Belə də vicdansızlıq olar?! Get, yaşa” - deyir. Üstündən 4 il ötüb - heç bir şikayət yoxdur.
Bu misal müstəqil Azərbaycanın təbabətinin ağır xəstəliyini bizə açır. Həkim savadlıdır, ancaq sənətinə sağaltmaq yox, pul toplamaq missiyası kimi baxır. Bunun üçün açıqca yalan danışır, şantaj edir, xəstəni qorxudur. Sağlamlığı itirmək qorxusu isə hər bir kəsdə var və çox güclü qorxulardandır.

Bu həkim sağaltmaqla yox, öldürməklə məşğuldur. Çünki, pula aparan yol dağıtmaqdan keçir. Qatil təkcə əlinə silah alıb öldürmür ki... Hələ ibn Sina yazırdı: “Həkimin silahı üçdür: neştər, bitki və söz”. Hər biri ilə öldürmək də olar, sağaltmaq da.
Bu misal başqa bir mənzərəni də çılpaq göstərir: Təbabət sovet illərində incəsənət idi, indi - sənayedir və supermarketdir. Sənət maddi sərvət mənbəyinə çevrildilib. Bunun üçün də sağalmaz xəstədən pul qoparmaq üçün ona sağalmaq vəd edir, yüngül xəstədən pul almaq üçünsə ona ağır xəstəliyə tutulduğunu deyirlər.
Bu, artıq ümidlə alverdir. Və bu, artıq Sistemin xüsusiyyətidir.
İndiki həkimlərin böyük əksəriyyəti savadlıdır. Onların da böyük əksəriyyəti hələ SSRİ illərində çalışıb. Axı o vaxtlar onlar doğrudan doğruya həkimlik edir, sənətinin hörmətini saxlayır, xəstənin sağalması üçün əllərindən gələni edirdilər! Nə oldu bəs? Niyə həmin adamlar indi başqadırlar?
Ona görə ki, Sistem başqadır. İnsan da Sistemə uyğunlaşıb. Əgər adi həkim baş həkimə haqq verirsə, baş həkim bu haqqları öz rəisinə, bu rəis də öz rəisinə və beləcə iyerarxiyanın yuxarısında dayanana qədər... ötürürsə (“Yeraltı çaylar dənizə axır”),  həkimin işinin “faydalılığı” da sağalan xəstələrin sayı ilə yox, toplanan haqqın çoxluğu ilə ölçüləcək. Və dəfələrlə təkrarlanan bu proses adiləşəcək, normal qəbul olunacaq.
“Həftəlik” və “aylıq” vaxtında toplanıbsa, həkim də təriflənəcək, “yaxşı işçi” sayılacaq.
Sistem bunu tələb edir. Həkim əvvəlcə müqavimət göstərir, sonra “Don Kixot olmaq istəmir” və təslim olur.
Öz əqidəsi ilə savaşı heç başlamamış uduzan fərd üçün başqalarının həyatı da, sağlamlığı da bir bucaqdan maraqlıdır - nə dərəcədə xəstə “rentabelli”dir. Bu isə kapitalizmin və istismar dünyasının məhək daşıdır: İzafi dəfər yarada bilməyən proletariat kapitalistə gərək deyil.
Və bu da incəsənət olan təbabəti sənayeyə çevirib.
Bu səbəbdən də eyni adam 20 il əvvəl cəfakeş loğman idi, indi isə ağ xalat geyinmiş killer rolundadır. Sistem nə qədər eybəcər və yırtıcı olmalıdır ki, eyni adamı bu dərəcədə dəyişdirə bilib! Əlbət, proses ikitərəflidir. Fərd Sistemin həm övladı, həm də valideynidir.

Təbabətin xəstəliyi - Sistemin mahiyyətindən doğub. Xəstə təbabət daha böyük pul mənbəyidir. Ölmür və daim müayinə tələb edir...
İndiyədək görməmişəm ki, kimsə pul gətirən supermarketini könüllü bağlasın...
P.S. Yazdıqlarım qapqara zülmət təəssüratı yaratmasın. Azərbaycanda əsl həkimlər hələ yox olub qurtarmayıb. Onlar varlar və çoxdurlar. Sadəcə, onlar Sistemi dəyişəcək gücdə və həvəsdə deyillər... 




Oxunub: 269 dəfə.


Yazarın arxivi: