Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

24 -04 -2010 . İTM bələdiyyələrə kompüter payladı

Bələdiyyələrin büdcə, vergi, mühasibat işini avtomatlaşdıran «Şəffaf büdcə» və «Tətbiqi büdcə təhlili» proqramları hazırlanıb

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM)  «Azərbaycanda yerli özünüidarə orqanlarının gücləndirilməsi» layihəsini həyata keçirib. Layihə Mərkəzi Aran regionunda Bərdə, Tərtər və Ağcabədi rayonlarını əhatə edən 28 bələdiyyə ilə əməkdaşlıq şəraitində reallaşdırılmışdır. Mərkəz bu bələdiyyələrə büdcə şəffaflığının artırılması və yerli büdcə prosesində vətəndaş iştirakçılığının genişləndirilməsi istiqamətində yardım göstərib.
Layihənin yekunlarına həsr olunmuş konfransda layihənin koordinatoru Rəcəb İmanov bildirdi ki, qarşıya qoyulan məqsədə çatmaq üçün tərəfdaş bələdiyyələrin hər biri kompüter dəsti ilə təchiz olunub, onların büdcə, vergi, mühasibat işini avtomatlaşdıran «Şəffaf büdcə» və «Tətbiqi büdcə təhlili» proqramları işlənib hazırlanıb: «Hazırda Azərbaycanın 100-ə yaxın bələdiyyəsi «Şəffaf büdcə» proqramı ilə işləyir. Bundan əlavə, müxtəlif layihələr çərçivəsində bələdiyyə vergi-büdcə işinin təşkili ilə bağlı 400-dək bələdiyyəyə müvafiq təlimlər təşkil etmişik».
Azad İstehlakçılar Birliyinin eksperti Adil Mirhəsənli də Azərbaycanda yerli özünüidarə orqanlarının acınacaqlı vəziyyətdə olduğunu deyərək, bələdiyyə assosiasiyalarıının yarıtmaz işindən danışdı. İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Elvin Bağırov yerli özünüidarə orqanlarının strukturu ilə bağlı islahatların aparılmasının vacibliyini diqqətə çatdırdı.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Şəbnəm Məmmədova İTM-in bələdiyyələrin elektronlaşdırılması istiqamətində gördüyü tədbirlərin RİTN tərəfindən dəstəkləndiyini və daima diqqətdə saxlandığını qeyd edərək, yaxın gələcəkdə nazirliyin bələdiyyələrin elektronlaşması ilə bağlı tədbirlər planlaşdırdığını bildirdi. Qobustan bələdiyyəsinin sədr müavini Elşən Məmmədov İTM-in hazırladığı «Şəffaf büdcə» proqramı ilə işlədiklərini və bunun onlara böyük fayda verdiyini vurğuladı.

Vüsalə RÜSTƏMOVA




Oxunub: 96 dəfə.