Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

Köşə yazısı
Elçin Rüstəmli
elcin_rustemli@yahoo.com

10 -07 -2010 . Qarabağ razılaşmasının pərdəarxası

Qarabağın taleyi aydınlaşdı. Qarabağ daha Azərbaycanın olmayacaq. Dünən xarici işlər naziri Elmar Məmmədyarov sülh planının detallarını açıqlayarkən şübhələrin tam doğru olduğu məlum oldu. Hakimiyyət vətəndaşların inanmaq istəmədiyi yolla açıq-aşkar Qarabağın itirilməsinə imza atmağa razıdır.
Məmmədyarov deyib: «…Bizdə rəy sorğuları da hüquqi qüvvəyə malikdir. Statusun müəyyənləşməsi üçün keçirilən sorğuda Qarabağın azərbaycanlı icması da iştirak edəcək. Prosesi azərbaycanlılar və ermənilərin təmsil olunacağı komitə aparacaq».
Ermənilər Qarabağın statusunun rəsmiləşdirilməsi üçün referendum keçirilməsini təklif edirdi. Amma Azərbaycan konstitusiyasına görə referendum bütün ölkə ərazisində keçirilməlidir.
Çıxış yolu tapılıb: Məmmədyarov deyir ki, referenduma ehtiyac yoxdur, rəy sorğusu hüquqi qüvvəyə malikdir.
Yeniləşmiş Madrid prinsiplərinin Azərbaycanın əleyhinə olan və bizim hökumət rəsmiləri tərəfindən səylə gizlədilən əsas qayəsi bundan ibarət idi. Sülh planı ümumilikdə Azərbaycanın ərazi bütövlüyünü pozmur. Amma onun müəyyən etdiyi yol xəritəsi Qarabağın Azərbaycandan ayrılmasına aparır. Qısa desək belə: Qarabağ erməniləri Azərbaycanın tərkibində rəy sorğusu keçirib öz müqəddaratını müəyyənləşdirirlər. Yəni Azərbaycandan ayrılırlar.
Məmmədyarov deyib: səsvermədə azərbaycanıl icması da iştirak edəcək. Ermənilər etiraz etmir. Madrid sənədində rəy sorğusunda iştirak edəcək əhalinin tərkibi 1988-ci il səviyyəsində götürüləcək.
1987-ci ildə münaqişə başlayan ərəfədə, rəsmi statistikaya görə, Dağlıq Qarabağda 185 min insan yaşayırdı. Onların 74 faizini ermənilər, 25,2 faizini - təxminən 46 min nəfər - azərbaycanlılar təşkil edib.
Bu da əlahəzrət fakt. Deməli sorğuda iştirak hüquq olan ermənilər ən azı azərbaycanlılardan 2,5 dəfə çox olacaq.
Nazir belə bir fikir irəli sürüb ki, sorğuya çıxarılacaq məsələləri azərbaycanlılar və ermənilərin iştirak etdiyi komitədə müəyyənləşdirib irəli sürəcəklər. Amma Madrid prinsipləri adlanan razılaşmanın girişində yazılıb ki, münaqişə ərazi bütovlüyü, xalqların öz müqəddaratını təyin etmək hüququn reallaşdırılması və güc tətbiq etməmək prinsipləri əsasında həll olunacaq. Deməli, rəy sorğusu keçirən komitə «erməni xalqının» öz müəqqdaratını müəyyənləşdirməsi üçün şərait yaratmalıdır. Şübhəsiz ki, əhalidən 2 sualın cavabını soruşacaqlar. Azərbaycanın tərkibində olmaqla muxtariyyatda yaşamaq və ya müstəqil dövlət kimi yaşamaq. Buna da heç kəsin şübhəsi yoxdur ki, əhalinin 74 faizini təşkil edən ermənilər müstəqilliyə səs verəcəklər. Ərazidə yerləşdirilmiş sülhməramlı kontingent də razılaşmaya əməl olunmasına nəzarət edəcək. Azərbaycan da bəribaşdan öhdəlik götürüb ki, güc tətbiq etməyəcək.

Belə bir sülh sazişi Azərbaycana nəyi qazandırır?
Rəsmi təbliğatın tezisləri budur: 5 rayon əvvəlcə, Laçın və Kəlbəcər isə  5 il sonra bizə qaytarlır. Qaçqınlar öz torpaqlarına qayıdacaq, müharibə olmayacaq. Ermənilər 20 ildən sonra birdən durub haqq yolunamı gəldilər? Dünya birliyi ədalətin müdafiəsinəmi qalxdı? Azərbaycanın uğurlu diplomatiyası yoxsa Ermənistanı güncə sıxıb güzəştə vadar etdi?
Bunların heç biri olmayıb. Azərbaycan rəsmiləri hələ də dünya güclərini ermənilərin mövqeyini müdafiə etməkdə qınayır. Rusiya Ermənistanı silahlandırır, erməni lobbsi Amerikadan Qarabağ separatçılarına ayırılan pulların həcmini ilbəil artırır, Fransa erməni soyqrımını inkar edənləri qanunla cəzalandırır. Bu şəraitdə necə oldu ədalət zəfər çaldı? Bir səbəb var: böyük güclər Azərbaycandan ermənilərin tələb etdiyi Qarabağı alırlar. Qalıb Rusiyanın «hə» deməsi. Ermənistan da dilini ona görə sürüyür, Madrid planına nə «hə», nə də «yox» deyir.
Qarabağ Rusiyanın bölgədə dəyənəyidir. Lazım gələndə hər kəsin təpəsinə endirir, sözünü diktə edir. Yaxın günlərdə bəlli olacaq Kremlin mövqeyi. Prezident Medvedev Qərblə konstruktiv dialoq içindədir. İranla bağlı beynəlxalq konsensusun əldə olunması bunu təsdiq edir. Deyəsən elə Qarabağla da bağlı həmsədrlər arasında fikir birlyi var.

Bəs bu razılaşmaya xalq nə deyəcək. Erməni müxalifətinin səsi çıxmır. Bir müddət əvvəl Rusiyanın tapşırığı ilə hakim koalisiyadan çıxan daşnaklar da susublar. Qarabağ separatçıları da danışıqlar prosesində tərəf kimi işitirak etmək təklifini arxa plana atıblar. Moskvanın mövqeyini, həm də onların nə deyəcəklərində axtarmaq lazımdır. Görünən budur ki, ermənilər Madrid prinsiplrərinə «hə» deyir. Qalır siyasi qərar. O da Kremldə çıxarılacaq, hamı nəfəsini içinə çəkib gözləyir. 

Bəs Azərbaycanda? Müxalifətin etiraz aksiyalarında şüarların biri Qarabağla bağlıdır. Amma camaat bu prosesə qoşulmur. İlk baxışdan Azərbaycan xalqı da razı görünür. Amma niyə razı olsun ki?
Əslində Azərbaycan xalqı prosesdən kənarlaşdırılıb. Nəinki Qarabağla bağlı, ümumiyyətlə, dövlətin idarə olunmasından. Bütün məslələrlə bağlı qərarlar ictiami müzakirəsiz qəbul olunur.  Qarabağın taleyini heç ondan soruşmayacaqlar - qərar verilib, ermənilərdən soruşacaqlar. Məmmədyarov açıq-aydın deyib. Rəy soruğusu Qarabağda keçiriləcək. Bizə sərfəli olmayan, Qarabağın taleyini ən azı on il müəmmalı edən sülh sazişi  hazırdır. Qalır onun imzalanması və tənətənə ilə təqdim olunması (Biz bu sazişin imzalanmasını qələbə kimi qeyd edəcəyik. Buna şübhə yoxdur).

Sonda hakimiyyətlərin nə qazandığına toxunaq. Ermənilərin qazancı Qarabağdır. Soldat çəkmələrində Qarabağda illərlə təpik döymüş, qanımızı içmiş Sərkisyan ermənilərin on illər əvvəl başladığı işi «uğurla» başa çatdırır. O, «Qarabağı aldığına» görə uzun müddət siyasətdə, hakimiyyət başında qalmağa iddia edəcək.
Bəs bizim hakimiyyət nə qazandı? Sadalamaq üçün ortada heç nə yoxdur. Ola bilsin, sülh sazişinin təminatçısı olaraq on illik toxunulmazlıq vədi alınıb. Klinton da Bakıda hakimiyyətlə həmrəy göründü… 




Oxunub: 516 dəfə.


Yazarın arxivi: