Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

Köşə yazısı
Ramin Əli
raminaliyev_justice@yahoo.com

15 -07 -2010 . Yaxşı xəbər

Hər hansı bir ölkənin gündəmi barədə qısa məlumatlar əldə etmək üçün həmin məmləkətin KİV-lərindəki başlıqlara nəzər salmaq kifayətdir. Cibinizə və gözünüzə zəhmət də olsa, bu gün bir neçə qəzet alın. Alın və oxuyun. Görün ölkənizdə nələr baş verir. Həm də qəzetlərdəki informasiyalarla həyatınız arasında paralellər aparın. Əgər apardığınız müqayisə nəticəsində faiz üstünlüyü aşkarladığınız bənzərliklərin xeyirinə olsa, o zaman siz xoşbəxtsiniz. Deməli, ölkənizdə hələ də doğru danışan insanlar var.
Vay o gündən ki, sözügedən üstünlük fərqliliklər və ziddiyyətlərin lehinə olsun. Bu o deməkdir ki, sizin işiniz ancaq və ancaq Allaha qalıb. O, bir gün bezib (əstəğfirullah!) nəzərini ölkənizin səmasından ayırsa, nələrin baş verəcəyi Onun Özündən başqa kimsəyə bəlli deyil.
Hər halda, çalışın oxuyun. Oxuyun ki, işinizi biləsiniz. Və oxuyun ki, sizi yanıltmasınlar, aldatmasınlar. Məsələn, oxuyun və öyrənin ki, artıq Azərbaycanda hökumət yoxdur. Bunu Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri cənab Etibar Məmmədov səsləndirib. Yox, yox, əsla təlaşlanmayın. Cənab Məmmədov “hökumət” kəliməsini hamının qavradığı loru dildə deyil, sırf hüquqi anlamda işlədib. Hökumətin olmamasını vurğulayarkən, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbəri və bəzi üzvlərinin fəaliyyətlərinin qeyri-qənaətbəxşliyini nəzərdə tutub.
İkincisi, məlumunuz olsun ki, Azərbaycan müxalifətinin iki əsl dayağı nəhayət ki, bir araya gəlmək gücünü özlərində tapa biliblər. Dağlıq Qarabağla əlaqədar maraqlı danışıqların şiddətləndiyi, xüsusilə də Azərbaycan iqtidarında təmsil olunan bəzi güc mərkəzləri arasında çatların getdikcə böyüdüyü bir zamanda sağlam müxalifətin hər bir Azərbaycanlıya faydası, zənnimcə, danılmazdır.
Üçüncüsü, biləsiniz ki, Rusiya Federasiyasının prezidenti cənab Medvedyev İran İslam Respublikasının nüvə silahı əldə etməyə çox yaxınlaşdığını etiraf edib. Sən demə, ABŞ diplomatları regiona və Bakıya ard-arda ona görə gəlirlərmiş ki, Mahmud Əhmədinejadın ətrafını daha mükəmməl çəpərləyə bilsinlər. Elə Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ münaqişəsinin mümkün qədər çevik həlli projeləri məhz sözügedən məqsədə xidmət göstərirmiş…
Yadınızdadırmı 2001-ci ilin 11 sentyabr terror aktlarından sonra o zamankı ABŞ prezidenti Corc Buşun söylədikləri? “Yanımızda olmayan bizə qarşıdır!” demişdi çox hörmətli amerikalı fateh. Bax görürsünüz, müasirlik, XXI əsr, qloballaşma, inteqrasiya, homoseksuallıq və daha nələr, nələr, deyə-deyə qalıbsınız! Amma indi anlayırsınızmı ki, fatehlər, yəni öz ölkəsi və xalqı naminə yeni-yeni ölkələri ələ keçirənlər XXI əsrdə də var və axirət gününə qədər olacaq. Mustafası, sabah, ya o birigün də Barak Obama eyni məzmunlu, lakin başqa formalı ifadələri təkrarlaya bilər. Ancaq mister Obama “qara çadırın heyfini” onu bu “çadıra” soxmağa cəhd göstərənlərdən almağı düşünür, böyük ehtimalla. Onun dönəminin “PP”-sini (Persiya projesi) xeyli ləngidənlər cəzalandırılacaq ya yox, bunu zaman göstərəcək.
Həə, keçək mətbuatda işıqlandırılan növbəti məsələyə. Bəzi KİV-lər Azərbaycanda homoseksualların hüquqlarının müdafiəsi məsələsinə də əməlli-başlı toxunublar. Sən demə, məmləkətimizdə bu “bədbaxtları” işdən qovublarmış, onların haqlarını tapdalayıblarmış. Qardaş və bacılar! Birincisi, nə Tanrının heç bir dini, nə də elm və əxlaq belələrini normal qəbul etmir. Onlar tibbi nöqteyi-nəzərdən də müalicəyə ehtiyacı olan insanlar kimi nəzərdən keçirilirlər. Üstəlik, indi Azərbaycanda beləsini “elə” olduğuna görə işdən qovmaq, təkzibolunmaz fakt və sübutlara görə, çətin məsələdir. Siz gəlin işdən başqa parametrlər əsasında qovulan, bir parça çörəkdən məhrum qalan normal insanların hüquqlarını qoruyun. Dövlətin zirvəsində dayanan şəxslər belə bəzi dövlət orqanlarında insanların işə, vəzifəyə rüşvət, qohumluq və s. qanunazidd meyarlar əsasında götürüldüklərini etiraf edirlər.
Nəhayət, dünən xəbərlərin xəbəri ölkədə pensiya və əmək haqlarının artırılacağı barədə idi. Bax buna deyərəm xəbər! Yaxşı xəbər eşitmək arzusu ilə…




Oxunub: 314 dəfə.


Yazarın arxivi: