Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

Köşə yazısı
Aynur ELGÜNƏŞ
-

20 -07 -2010 . “Sən tək deyilsən”, Hadı müəllim!

Yeni musuqi kanalı açılır. Xeyirli olsun! Biz çal-çağırı, mərəkəni sevən camaatıq. Sadəcə niyə əziyyət çəkib boş yerə pul xərcləyirlər, onu anlamıram. Guya ölkədə yayımlanan bu qədər telekanal başqa nə göstərir ki? Az qala xəbərləri də şouya çevirirlər ki, əhalimiz baxıb depressiyaya düşməsin, çiçəklənən respublikamızda hər  şeyin yolunda olduğunu görsün.
Çox uzağa getmirəm, elə götürək rayonların daşqına məruz qaldığı ərəfəni. Hadisəni “Xəzər” TV-nin xəbərlərində izlədim. Kanalın müxbiri bir qayığa minib reportaj verirdi ki, Kürlə Xəzər bir-birlərini seviblər, həmişə Kür belə qəzəblənib özündən çıxır və s. Əsl romantika. Bu süjeti izləyəndən sonra şəxsən mənim gözümdə həmin təbii fəlakət öz donunu dəyişdi, faciəlikdən çıxıb, xoş təəssürat oyatdı. Düşündüm ki, əşi, bu camaat niyə belə hər şeyi şişirdir, yapışır hakimiyyətin xirtdəyindən? Təbii daşqındı də, yəqin yenə Xəzər Kürün xətrinə dəyib, onu yaxına buraxmayıb, o da özündən çıxıb. Nə var burda?
Telekanallarımız bax belə təsir gücünə malikdir. Şou-mərəkə də hakimiyyətimizin apardığı siyasətin tərkib hissəsidir. Bu ilin əvvəlində cənab Ramiz Mehdiyevin telekanalları tənqid atəşinə tutması nəticəsində bir neçə kanalda yeni sosialyönümlü veriliş açıldı. Düzdü, bu verilişlərdə istənilən qədər nöqsan tapmaq mümkündür. Əksər halda reytinq naminə insan həyatı şouya çevrilir. Hətta bəzən tamaşaçı baş verənlərin real və ya yalan olduğunu müəyyən etməkdə də çətinlik çəkir. Həmkarlarım arasında bu verilişlərdə qeyri-peşəkarlıq axtaranlar da çoxdur. Haqlıdırlar da. Amma unutmayaq ki, sosial yükü olan verilişlərin efirə çıxması hakimiyyət üçün çox incə məsələdir və nə yazıq ki, telekanallarımızın “yuxarı”dan asılılığı bundan uzağa getməyə imkan vermir.
Sosial proqramlardan danışmaqda məqsədim var. Bu günlərdə parlament jurnalistləri millət vəkili Hadı Rəcəbli ilə müsahibə təşkil ediblər. Parlament Jurnalistləri Birliyinin layihəsi əsasında təşkil olunmuş polemika zamanı millət vəkili “Elgizin cümə axşamları”, “Sən tək deyilsən” adlı verilişlərin bağlanmasının tərəfdarı olub. Açığı, bu, məni təəccübləndirmədi də. Çünki bu fikri söyləyən şəxs parlamentin Sosial-Siyasət Komissiyasının sədridir. Bu verilişlərdə qabardılan problemlər isə məhz ölkədə sosial siyasətin düzgün aparılmamasının göstəricisidir. Yəni, Hadı müəllim kimilər normal işləsələr, adamlar da dərdlərinin çarəsini telekanallarda, qəzet redaksiyalarında gəzməzlər. Hələ nəzərə alaq ki, əksər problemlər efirə yol tapa bilmir. Görün Hadı Rəcəbli verilişlərin bağlanmaq istəməsi səbəbini necə izah edir: “ANS-lə ATV-nin həmin  verilişlərinə baxanda vallah dəhşətə gəlirəm. Mən Azərbaycan xalqını elə görmək istəmirəm. Axı biz Azərbaycan xalqını niyə belə göstəririk? Bu qədər tərbiyəsizlik olarmı, mən ət tökürəm o verilişlərə baxanda, iyrənirəm. Olmaz  belə. Baxın, biz nəyi təbliğ edirik?”
Növbəti populist çıxış. Heç kim Azərbaycan xalqını belə görmək istəmir. Amma o belədir. Gözümüzü yummaqla qarşımızdakı çirkablığın varlığını inkar edə bilmərik (“Gözümüzü yummaqla Günəşi inkar edə bilmərik” fikrinin dəyişdirilmiş forması. Problemi günəşə bənzədə bilməzdim - A.E). Yəqin Hadı müəllim bilmir ki, problemi qabartmaqla, yazmaqla, göstərməklə heç nə təbliğ olunmur, onun həlli yolları axtarılır. Əgər bu gün Hadı müəllim, eləcə də sosial siyasətin yürüdülməsində rolu olan kəslər öz işini layiqincə görsəydi heç bu cür verilişlərin yaranmasına da ehtiyac qalmazdı.
Məndə olan məlumatlara görə, dəfələrlə Hadı Rəcəbli bu verilişlərə dəvət alıb, amma qatılmayıb. İndi deyir ki, verilişlər ətini tökür, iyrənir. Guya arıqlamaq qorxusu imkan vermir cənab Hadı Rəcəbli efirə çıxsın? Əlbəttə, yox. Sadəcə Hadı müəllim bilir ki, sosial problemlər içərisində çabalayan bu insanlara deyəcək sözü yoxdu. Bəkə də sözü var, amma yalan danışmağa üzü yoxdu. Haqlı suallar qarşısında duruş gətirə bilməyəcəyini bildiyindən imtina edir. Əgər efirdən zəhləsi getsəydi, onda “Ay Zaur” kimi mənasız verilişlərə çıxmazdı. Yəni, “Sən tək deyilsən” verilişi “Ay Zaur” qədər də əttökəndi?!
Açığı, bu yazını yazmazdan öncə Hadı Rəcəblinin fikirlərini sosial şəbəkələrdən birindəki statusuma qoydum ki, insanların fikirlərini bilim. Maraqlı cavablar da aldım. Məsələn, hazırda Avropa ölkələrinin birində yaşayan Mübariz Əzimli adlı bir nəfər yazdı: “Arkadiy Raykinin bir səhnəsi vardı, müdir işçini dəhlizdə tutub deyir: “sən niyə burda gəzirsən, niyə işləmirsən?” İşçi də eləmir tənbəllik, cavab verir: “siz mənə deyin mənim işim nədir, mən də gedim işləyim...”
İndi, Hadıya işinin nədən ibarət olduğunu deyin, kişi də gedib işiylə məşğul olsun! Qanunlar, onlara əlavələr, düzəlişlər, rəylər... Prezident Administrasiyasından gəlir, Hadı da əlini qaldırıb səs verir. Əlini qaldırmır, deyin qaldırmır. Qaldırır axı! Adam insaflı olar!”
Məncə uzatmağa gərək yoxdu. Amma sonda istərdim millət vəkilimizə bir müraciət də ünvanlayam: “Hadı müəllim, sən tək deyilsən, hərdən yediyindən bu fağır-füqarəyə də ver!”




Oxunub: 872 dəfə.


Yazarın arxivi: