Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . «Hökumət ATƏT-in mövqeyini nəzərə almır»

Beynəlxalq təşkilat ölkədəki reallıqlar haqqında «ümumi» qiymətləndirməyə üstünlük verir

Partiya rəhbərləri və ekspertlər seçkiqabağı mühitlə bağıl hesabatı müsbət qiymətləndirirlər


ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürovu seçkilər ərəfəsində mühüti qiymətləndirib. Təşkilat növbəti hesabatını açıqlayıb. Hesabatda qeyd edilir ki, seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, seçkilərin demokratik mühitinin yaxşılaşdırılmasında müəyyən çətinliklər var: “Xüsusilə, Bakının mərkəzində siyasi partiyaların müntəzəm olaraq toplaşmaq müraciətləri rədd edildiyindən, toplaşma azadlığı faktiki olaraq məhduddur. Azərbaycanda media azadlığı sahəsində müəyyən məhdudiyyətlərin olması demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır. Rəydə daha sonra hökumətin Seçki Məcəlləsinə etdiyi düzəlişlər sərt şəkildə tənqid edilir. Müxalifət partiyaların liderləri və ekspertlər ATƏT-in hesabatına münasibət bildiriblər.

Eldar Namazov: “ATƏT-in seçkilərlə bağlı verəcəyi qərarlar hələ qabaqdadır»

Politoloq Eldar Namazov bildirdi ki, rəydə Azərbaycanda demokratik seçkinin keçirilməsinin arzulayan və bu istiqamətdə çalışan insanların bir çox narahatçılıqları öz əksini tapıb: “Diplomatik və hüquqi dillə bizi narahat edən bir sıra məqamlar bəyanatda yer alıb. Konkret olaraq, sərbəst toplaşmaq azadlığı, seçki kampaniyasının qısaldılması və medianın durumu açıq şəkildə göstərilir. Güman edirəm ki, bəyanat müəyyən mənada xəbərdarlıq xarakteri daşıyır. Çünki ATƏT-in seçkilərlə bağlı verəcəyi qərarlar hələ qabaqdadır. Nəzərə alın ki, gələcəkdə Müşahidə Missiyasının hesabatı, ilkin və son rəylər olacaq. Ona görə də haqqında danışdığımız bəyanat xəbərdarlayıcı bəyanatdır. Sənədin əhval-ruhiyyəsindən də hiss olunur ki, ATƏT-nin bir çox tədbirlər keçirməsinə, təşəbbüslər irəli sürməsinə və Bakı İH- ilə danışıqlar aparmasına baxmayaraq qurum hansısa bir irəliləyişi görmür. Bəyanatda bu narahatçılıq birbaşa ifadə edilir”.

İsa Qəmbər:  “Hakimiyyətin ATƏT-nin tövsiyələrini nəzərə alacağı çətin məsələdir”

Müsavat Partiyasının başqanı İsa Qəmbər hələlik hesabatın mətbuatdakı variantı ilə tanış olduğunu dedi: “Hesabatın tam variantını araşdırıb yekun fikrimizi deyəcəyik. İlkin yanaşma budur ki, Qiymətləndirmə Missiyası vəziyyəti obyektivliyə yaxın ehtiyatlı ifadələrlə əks etdirib. Yəni qeyd olunan nöqsanların hamısı mövcuddur”. Hesabatın hökumətin seçki siyasətinə təsirinin olub-olmayacağı haqqında suala İsa Qəmbər belə cavab verdi: “Hakimiyyət tamamilə yanlış mövqe seçib və seçkilərdə məğlub olacaqlarını dərk etdiklərindən, amma saxta seçkilər keçirmək adətindən əl çəkə bilmədiyindən özlərini elə aparırlar ki, bunlara verilən tövsiyələrin heç bir önəmi yoxdur. Bu mənada verilən tövsiyələrin hamısını heçə saymaq olar. Hətta blogerləri azad etmək kimi asan bir addımı da atmadılar. Ona görə də hakimiyyətin ATƏT-nin bu dəfəki tövsiyələrini nəzərə alacağı çətin məsələdir. Amma bütövlükdə aparılan siyasət kökündən yanlış olduğundan hakimiyyət bunun ziyanını ciddi şəkildə çəkəcək”.

Əli Kərimli: “ATƏT-in rəyi hökumətə ciddi mesajdır”

AXCP sədri Əli Kərimli hesab edir ki, prinsip etibarı ilə ATƏT haqqında danışılan rəyi situasiyaya adekvatdır: “Əlbəttə ki, həm ATƏT, həm Avropa Şurası, Avropa Birliyi, bütövlükdə demokratik dünya Azərbaycan xalqı ilə birlikdə rəsmi Bakıya demokratik və sivil seçkilərin keçirilməsi üçün dönə-dönə müraciət edirlər. Ancaq Azərbaycan hakimiyyəti demokratik seçkilərə hazır deyil. Seçkilərə üç aydan az zaman qaldığı bir şəraitdə də müxalifət yox, ATƏT kimi çox dövlətin iştirak etdiyi kollegial qurum demokratik seçki mühitinin olmaması haqqında rəy verir. Bu, onu göstərir ki, rəsmi Bakı üçün nəyin bahasına olursa olsun öz iqtidarını qoruyub saxlamaq ən ali vəzifədir. Ona görə məqsədə çatmaq üçün dövlətin imicini bərbad etməkdə qərarlıdırlar. Seçkilərin yaxınlaşmasına baxmayaraq zəruri islahatlar aparılmır. Bunlara baxmayaraq biz öz vəzifəmizi yerinə yetirəcəyik, necə ki, ATƏT yerinə yetirir. Çalışacağıq ki, qeyri-demokratik şəraitdə də olsa xalqımızı səfərbər edib ciddi mübarizə aparaq”.

Anar Məmmədli: «Son iki ildə hakimiyyətlə ATƏT arasında dialoq olmayıb»

Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesabatın Azərbaycandakı seçki öncəsi vəziyyəti ümumi əks etdirdiyini dedi: “Təbii ki, bir sıra məqamları daha geniş şəkildə əks etdirmək olardı. Ancaq toxunulan çatışmazlıqları bölüşürəm, xüsusən insan haqlarının durumu, sərbəst toplaşma azadlığı problemləri qalmaqdadır. İkincisi, seçki siyahılarının, dairələrdəki vəziyyətin hazırlığı ilə bağlı problemlərə toxunulması da müsbətdir. Nəzərə alsaq ki, Statistika Komitəsi ilə seçki siyahıları arasında uyğunsuzluqlar var, o zaman siyahıların bərbad şəkildə olduğu üzə çıxır. Nəhayət, rəydə göstərilir ki, 2008-ci il hesabatından sonra hökumətlə təşkilat arasında dialoq olmayıb. Yəni irəli sürülən tövsiyələrin icrası yönündə hər hansı addım atılmır. Bu, bir daha göstərir ki, hökumət bu kimi hesabatların çıxmasında maraqlı deyil”.

Natiq CAVADLI




Oxunub: 89 dəfə.