Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . «Birləşməyə əks arqument yoxdur»

Sərdar Cəlaloğlu: “Bizim AXCP-Müsavat birliyinə qoşulmaq niyyətimiz yoxdur»

«Müxalifətin vahid birliyinin yaranması yolunda imkanlar hələ tükənməyib»

Seçkilərə az qalsa da ölkədə siyasi aktivlik aşağı səviyyədədir. Hazırda Müsavat və AXCP seçkidə vahid blokla iş aparmaq istiqamətində iş aparır. Digər partiyalar da namizədlərini müəyyənləşdirib seçkiyə rəsmi start verilməsini gözləyirlər.
ADP sədri Sərdar Cəlaloğlu ilə gündəmdə olan aktual siyasi mövzular ətrafında söhbətləşmişik. Seçkilərə hazırlıq, müxalifətdaxili əməkdaşlığın perspektivləri, ADP, Ümid, ALP və VİP-in təsisçiliyi ilə yeni bir blokun elan olunacağına dair fikirlər əsas sualları əhatə etdi.

- Bir aydan sonra seçki kampaniyasına rəsmən start veriləcək. Müxalifətin seçkilərə hazırlığını necə qiymətləndirirsiniz?

- Elə bir xüsusi vəziyyət yoxdur. Biz sadəcə seçkilərlə bağlı ümumi işləri həyata keçirmişik. Rəsmən seçkilərə start verilməsini gözləyirik. Çünki ona qədər nəsə etmək qanun pozuntusu sayılar. ADP olaraq namizədlərimizi, ümumi seçki şüarımızı, platformamızı hazırlamışıq. Ümumilikdə isə respublikada seçki əhval-ruhiyyəsi yoxdur. Seçkilərlə bağlı fəallaşma yaratmaq ayrıca bir qüvvənin gücü daxilində deyil. Bütün qüvvələri bir araya gətirmək isə çətindir. Yəni müxalifətin böyük birliyini yarada bilmirik. Ona görə də indiki halda cəmiyyəti düşdüyü vəziyyətdən çıxarmaq üçün lazım olan prosesi yarada bilmirik.

-  ALP, VİP, Ümid və ADP-nin bir blokda birləşəcəyi haqqında məlumatlar yayılır. Bu formatda seçki bloku elan oluna bilərmi?

- Biz bu gün siyasi səhnədə olan bütün müxalif qüvvələrlə, onların  iqtidara münasibətindən asılı olmayaraq blok yaratmasının tərəfdarıyıq. Özümüz də belə bloklarda iştirakı vacib sayırıq. Ancaq digər qüvvələr bu məsələdə fərqli mövqe ortaya qoyublar. Bu səbəbdən müxalifətin vahid birliyini yaratmaq problemdir. Kimsə müxalifəti bölür, kimisə həqiqi, bəzilərini prinsipial, bəzilərini isə radikal adlandırır. Bu bölgü əsasında da birliklər yaratmaq istəyir. Bu mövqe imkan vermir ki, bütün siyasi qüvvələr bir araya yığılsın.

- Hansı partiyalarla danışıqlar aparırsınız?

- Biz ümumiyyətlə VİP, ALP ilə danışıqlar aparırıq, eyni zamanda Ümid Partiyası ilə kontaktlarımız var. Digər təşkilatlarla da münasibətlər davam edir. Biz hesab edirik ki, müxalifətin vahid birliyinin yaranması yolunda hələ imkanlar tükənməyib.

- Müsavat və AXCP ilə danışıqlar aparırsınızmı?

- Xeyr. Mən onlarla hər hansı bir müzakirə aparmamışam və onlar da təşəbbüs irəli sürmür. Mətbuatdan oxuduğum informasiyalara əsasən belə məlum olur ki, onlar bizimlə əməkdaşlığa çox da meylli deyillər. Çünki onlar müxalifətin ümumi birlik mövqeyini bölüşmürlər.

- Sizcə, nəyə görə AXCP ilə Müsavat istəmir ki, müxalifətin ümumi birliyi yaransın?

- Onlar müxalifəti saf-çürük edirlər, müəyyən şərtlərlə çıxış edirlər. Və bu şərtlər əsasında birləşməni təklif edirlər. Yəni onlar keyfiyyətcə monoton bir blok yaratmaq istəyirlər. Demokratiya  isə tələb edir ki, cəmiyyətdə mövcud olan ən müxtəlif qüvvələr bir yerdə olsun.

- Siz AXCP və Müsavatın super partiyada birləşməsi təklifinə necə yanaşırsınız?

- Mən birləşməni müdafiə edir və dəstəkləyirəm. Sadəcə siyasi liderlərin bu ideyanı nə dərəcədə axıra çatdıra biləcəkləri tamam başqa məsələdir. Baxmayaraq ki, bu zəruri bir ideyadır, amma onun reallaşması subyektiv amillərdən daha çox asılıdır.

- Siz bu birliyin real olacağını güman edirsinizmi?
- Bu ideya ortaya çıxandan indiyə qədər mətbuatda çıxan məlumatlara və bu təşkilat arasında əlaqələrin intensivliyinə görə deyə bilərəm ki, bu yaxınlarda belə bir birliyin baş tutacağı real görsənmir. Əgər bu, real olsaydı, təşkilatların fəaliyyətində artıq bir çox sferalarda birlik yaradılmalı idi. Burada bəlkə də liderlər bir-biri ilə kontaktda deyillər. Ona görə də, bu birliyin tez bir zamanda yaranacağı az inandırıcıdır.

- Birləşmə təklifi Müsavat başqanı İsa Qəmbərdən gəlib. Sizcə, o hansı məqsəd üçün belə birliyin yaranması təklifini irəli sürür?

- Təbi ki, Müsavat Partiyasında hər kəs istəyir ki, Müsavat bir partiya olaraq siyasi arenada qalsın. Əvəzində AXCP-nin sosial bazası hesabına bir qədər də genişlənsin. Həm də 2013-cü ildə keçiriləcək prezident seçkilərində İsa Qəmbər prezidentliyə namizəd kimi müdafiə olunsun. Bu halda İsa Qəmbəri faktiki olaraq AXCP-nin sosial bazası müdafiə edəcək. Yəni bu halda AXCP bir siyasi qüvvə kimi Azərbaycanın siyasi səhnəsindən gedir, onun elektoratı mənimsənilir və s.  Bundan savayı nə maraq ola bilər ki?

- Hesab edirsiniz ki, birləşmə prosesində AXCP-nin elektoratını Müsavat mənimsəyəcək?

- Əgər birləşmə baş versə, bu cür olacaq. Başqa nə cür olmalıdır ki?

- Bəlkə elə AXCP Müsavatın bazasını mənimsəyəcək?

- Müsavat Partiyasının bayrağı altında birləşmə olacaqsa, bu halda cəbhənin elektoratı Müsavat tərəfindən mənimsəniləcək. Yəni birləşmə hansı partiyanın bayrağı altında gedəcəksə bütün elektorat da ora cəmləşəcək. Görünən budur ki, bu birlikdən sonra AXCP olmayacaq.

- Bəs AXCP sədri Əli Kərimli niyə bu birliyə gedir, bu vəziyyətdə onun siyasi maraqları təmin olunurmu?

- Əli Kərimli yaxşı başa düşür ki, indiki halda AXCP üçün ciddi maneələr var. Onun Müsavatla paralel olaraq mövcudluğu Əbülfəz Elçibəy tərəfdarlarını faktiki olaraq iki yerə parçalayır. Maraq ondan ibarətdir ki, əgər Əli Kərimli İsa Qəmbərdən sonra Müsavat Partiyasının başına keçərsə, birləşmiş partiyanın gücü və potensialını öz siyasi məqsədlərinin həyata keçməsi üçün istifadə edə bilər. Bu mənada mən düşünürəm ki, birləşmənin özü önəmlidir, qalan məsələlərə diqqət etmək bir o qədər də vacib deyil. Həmdə nəzərə  almaq lazımdır ki, siyasi partiya bir vasitədir. Eyni bir vasitədən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Söhbət bu gün həmin vasitənin nə qədər effektiv olmasından gedir. Əli Kərimli və İsa Qəmbər məqsədlərinə çatmaq üçün daha güclü vasitədən istifadə etməlidirlər. Bu vasitə isə iki partiyanın birləşməsindən əmələ gələcək qüvvə olacaq. Yəni məqsədlərin fərqli olmasından asılı olmayaraq birləşməyə əks olan arqument ola bilməz.

- ADP olaraq siz bu birləşmə prosesində iştirak edə bilərsinizmi?

- Bizim belə bir niyyətimiz və fikrimiz yoxdur. AXCP ilə Müsavat eyni ideoloji xəttədir, vaxtı ilə birlikdə hakimiyyətdə təmsil olunublar, AXC-nin şinelindən çıxıblar. Biz isə müxalifətdə olmuşuq. Bizim müdafiə etdiyimiz dəyərlər, ideologiya fərqlidir.

-  Seçkiyə az qalır, müxalifət düşərgəsində geniş formatda birliyin yaranması son anda baş tuta bilərmi?

- Hər şey ola bilər. Amma bəzi birlik modellərinin yaranma ehtimalı azalır.

- ADP-nin parlament seçkiləri ilə bağlı siyasəti, marağı nədən ibarətdir?

- Biz artıq 70 namizəd müəyyən etmişik. Yəni seçkiyə tək gedəcəyimiz halda bu sayda namizəd irəli sürəcəyik. Amma hər hansı blokla seçkiyə getsək, həmin blokda bizə ayrılan kvotaya uyğun namizəd irəli sürəcəyik.

Nemət




Oxunub: 112 dəfə.