Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

Köşə yazısı
Məmməd Süleymanov
mameds@mail.ru

30 -07 -2010 . “Rəhbərə ehtiram”ın “səmimi peşmançılığ”ı

Bir formal müsavatçının Fəxri Xiyabanda “rəhbərə ehtiram” səhnəsi və bundan sonra olanlar yadıma öz evimdə baş vermiş epizodu saldı. Oğlumun kassası var və oraya 50 qəpikliklər yığırıq. Hər dəfə də vurğulayıram: “Bu pullar sənindir”. Sonra da özümə lazım olanda oradan pul çıxarıb siqaret alıram. Aylar boyu bu cür davam edir.
Bir gün oğlum gözümün qabağında kassanı açıb 5 dənə 50 qəpikliyi çıxarıb cibinə tökür və həyətə yollanmağa hazırlaşır. Durdururam, “Kimdən icazə aldın” soruşuram. O isə təmiz uşaq məntiqini işə salır: “Pullar kimindir? Mənim. Siz məndən icazə almadan nə vaxt istəsəz götürüb xərcləyirsiz. Mənsə başa salmaq istədim ki, mənim pullarımı siz icazəsiz götürə bilərsizsə, mən də götürə bilərəm”.
O, istəyirdi ki, pulun yiyəsinin kim olduğunu özünə də, bizə də başa salsın. Bu ehtiyacı onun üçün mən yaratmışdım. “Pullar sənindir” deməklə.

***

“Müsavatçı” da digərlərinin gizli, ya yarımaşkar etdiyini aşkar etməyə MƏCBUR OLDU. Çünki, əvvəllər də digərlərindən fərqlənmirdi. Və özünə “Axırıncı aşırım” şedevrində kommunist Talıbovun verdiyi sualı verdi: “Deyəcəklər ki, Kərbəlayı İsmayıl vurub kolxozu dağıtdı, ona nə etdilər ki, bizə də nə etsinlər?”
Bəli, heç nə etmədilər.
Ən maraqlısı da bundan sonra baş verdi. “Müsavat”çıya partiya rəhbərliyi tərəfindən sadəcə və yalnız quru xəbərdarlıq olundu, çünki, o, “səmimi peşmançılığ”ını bildirdi. Söz birləşməsinə diqqət kəsilin: “Səmimi peşmançılıq”.
Bu, nə deməkdir? O deməkdir ki, Heydər Əliyevin məzarı başında boynunu bükəndə o, qeyri-səmimi imiş. İndi isə səmimidir və o hərəkətindən peşmandır. Peşmandırsa, deməli, Mətbuat günündə Fəxri Xiyabandakı pozasını səhv sayır. İndi səmimidirsə, deməli, o gün maska taxıbmış. Düzünü deyin, siyasətdə bu cür adam kimə lazımdır? Məncə, hər iki tərəf üçün o, ziyanlıdır.
Lap uşaq bağçasıdır. Ömrünün yarısını geridə qoymuş siyasətçinin öz əməlinin səbəbini açıqlamağa da gücü çatmır. Uşaqlar səbəblə nəticəni heç vaxt qarışdırmırlar, yalanla doğrunu da seçirlər. Odur ki, baş verənlər heç “uşaq bağçası” da deyil. Bu, müasir Azərbaycanın xəstə siyasətinin universitetidir.

***

“Müsavatçı” deyir: Partiyanın proqramında yazılmayıb ki, Heydər Əliyevin qəbrinə baş əymək olmaz. 
Əlbəttə, yazılmayıb. Və digər çox şeylər də yazılmayıb. Çünki, adi həqiqətləri, davranış normalarını partiya proqramına düzsən, Bencamin Spokun “Uşaqlara qulluq” kitabı əmələ gələr, daha siyasi partiyanın sənədi yox. Üstəlik də siyasi partiyaya gələnlər artıq formalaşmış adamlar olmalıdır. Onlar isə bu cür bəndlərə ehtiyac duymamalıdır.

***

Ancaq bu da hamısı deyil. Kimlərsə tapılar ki, deyərlər: Noolub ey, baş əyib də...
Məsələnin kökü də bundadır. Heydər Əliyevin məzarı sadəcə ölkənin keçmiş rəhbərinin dəfn olunduğu torpaq parçası deyil. Bura hakimiyyət üçün ilahi və simvolik bir yerdir. Ona baş əyən hər kəs bu hakimiyyətə baş əyir...




Oxunub: 134 dəfə.


Yazarın arxivi: